أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِنْ بَنِي إِسْرَائِيلَ مِنْ بَعْدِ مُوسَىٰ إِذْ قَالُوا لِنَبِيٍّ لَهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِنْ كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا ۖ قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِنْ دِيَارِنَا وَأَبْنَائِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
Məmmədəliyev & Bünyadov
(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!” - dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” – söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!
Musayev
Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır.