فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
Məmmədəliyev & Bünyadov
Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan mö’minlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”
Musayev
Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir.
: