يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي رَيْبٍ مِنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِنْ مُضْغَةٍ مُخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنْ بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنْبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ
Məmmədəliyev & Bünyadov
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
Musayev
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.