وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِنَ الْإِنْسِ ۖ وَقَالَ أَوْلِيَاؤُهُمْ مِنَ الْإِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
Məmmədəliyev & Bünyadov
(Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!
Musayev
Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. Allah deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir.
: