يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا
Məmmədəliyev & Bünyadov
(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
Musayev
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
: